Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri.
İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur.
Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır.
“Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.